“Oyuq” fəalı “Bala Turkvizyon”un qalibi oldu
16 Dekabr 2015 13:48 MədəniyyətAbdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki "Oyuq" teatr-studiyasının balaca istedadı böyük uğura imza atdı. Belə ki, studiyanın fəallarından biri, artıq geniş tamaşaçı auditoriyasının sevgi və rəğbətini qazanan 5 yaşlı Nuray Rəhman qardaş Türkiyədə keçirilən "Türkvizyon" - Türk dünyası mahnı yarışması çərçivəsində baş tutan "Bala Turkvizyon" adlı ilk uşaq mahnı müsabiqəsinin qalibi oldu. 13 türkdilli ölkədən 5-16 yaş arasında uşaqların iştirak etdiyi yarışmada "Uşaqlıq illəri" mahnısı ilə (musiqisi Ülviyyə Bəbirli, sözləri Ruhiyyə Rüstəmova) 115 xal toplayaraq qalib gələn balaca istedadla birinciliyi digər həmyerlimiz 14 yaşlı Əhməd Əmirli də qazanıb.
Qeyd edək ki, Nuray Rəhman və Əhməd Əmirli "Azad Azərbaycan" televiziyasında yayımlanan "Azərbaycanın səsi bala" yarışmasında qalib olaraq ölkəmizi təmsil ediblər.