52 təşkilatda qanun pozuntusu aşkar olunub

2022-ci ilin birinci yarısında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin (Xidmət) mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri tərəfindən 52 təşkilatda (nəzarət obyektləri) aparılmış yoxlamalarla ümumilikdə 99.910,5 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar olunub. "Olaylar" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki,  həmin məbləğin 33.502,5 min manatlıq hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə nağd qaydada ödənilərək bərpası təmin edilib.

Qeyd olunan dövr ərzində Xidmətin fəaliyyətinin əsas hissəsi Azərbaycan Respublikası Baş Prokurorluğundan və hüquq mühafizə orqanlarından nəzarət tədbirlərinin aparılması barədə daxil olmuş xeyli sayda məktub və qərarların icrası ilə əlaqədar olmuşdur. Belə ki, prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 35 təşkilatda aparılmış yoxlamalarla aşkar olunmuş 96.926,7 min manat məbləğində artıq və əsassız ödənişlərin 33.330,1 min manatının təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilməsi təmin olunmuş və aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi, artıq ödənilmiş vəsaitlərin tam həcmdə dövlət büdcəsinə bərpa edilməsi ilə bağlı müvafiq sənədlər aidiyyəti üzrə prokurorluq və hüquq mühafizə orqanlarına göndərilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31