İş adamının 735 min dollarını oğurlayan kimdir?
27 Avqust 2012 23:57 KriminalBir neçə gün əvvəl Bakıda baş vermiş müdhiş oğurluq hadisəsinin təfərrüatları məlum olub. Lent.az-ın məlumatına görə, Bakı şəhər sakini Bəhruz Namazovu Yasamal rayonu ərazisində tapança ilə hədələyərək, içərisində 735.450 dollar pul olan çantasını ondan zorla almış şəxslərdən biri tutulub. Bu, Qəbələ rayon sakini Elçin Abdullayevdir.Araşdırmalar nəticəsində məlum olub ki, zərərçəkmiş iş adamı B.Namazov adı açıqlanmayan paytaxt sakinindən obyekt almaq istəyirmiş. Tərəflər böyük miqdarda pul qarşılığında obyektin alqı-satqısına razılaşıblar. Bundan sonra isə B.Namazov razılaşdırılmış məbləğin müəyyən hissəsini, yəni 735 min dolları götürərək Yasamal rayonu Talıblı küçəsində yerləşən notariat kontoruna gəlib. Məqsəd obyektin alqı-satqısını sənədləşdirmək və ilkin razılaşdırılmış məbləği ödəmək olub.Lakin B.Namazov avtomobildən düşən kimi Talıblı küçəsi 38 ünvanının qarşısında silahlı şəxslər onun qarşısını kəsib. Onlar içi pulla dolu çantanı alaraq, qaçıblar.Fakt üzrə Yasamal rayon Polis İdarəsində cinayət işi başlanılıb, E.Abdullayev dindirilir.Cinayətin digər iştirakçılarının da müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.