Həbs olunan qadın: “Ərim və 4 övladım dustaqdır”
27 Oktyabr 2014 13:25 KriminalBu gün Ağır Cinayətlər Məhkəməsində oğurluq əməlində təqsirli bilinən Yevlax rayon sakinləri Nigar Bəkirova, Sima Bakuvadze, Zeynəb Məmmdovanın işi ilə bağlı məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər. Təqsirləndirilən şəxslərdən Nigar Bəkirova özünü təqsirli bilməyib. "Vallah mənim bu oğurluqda əlim yoxdur. Hər şeyi boynuma qoyublar. Ərim dustaqdı, 12 uşağım var, onların 4-ü dustaqlıq həyatı yaşayır. Mən bilirəm o oğurluğu kimlər edib. Sizdən xahiş edirəm məni azadlığa buraxasınız və bu işə düzgün baxasınız". Təqsirləndiriləndən şərti azadlıqda olan Zeynəb Məmmədova isə ifadəsində peşman olduğunu deyib. "4 övladım var, öhdəliyimdə azyaşlı var. Günahımı bağışlayın, səhvdir, eləmişəm ". Məhkəmə prosesi oktyabrın 30-da davam etdiriləcək.
Qeyd edək ki, hadisə keçən il sentyabrın 9-da baş verib. Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Nigar Bəkirova Abşeron rayonunun ərazisində Etibar Əmrahovun evindən 10.000 manat dəyərində qızıl əşyalarını oğurladığına görə saxlanılıb. Daha sonra oğurluqda şübhəli bilinən Sima Bakuvadze və Zeynəb Məmmədova da saxlanıb. Hər 3 qadın əvvəllər də məhkumluq həyatı yaşayıb.