Bank işçilərindən ibarət mütəşəkkil dəstənin işi məhkəməyə göndərildi

Azərbaycanda vətəndaşların mənzillərinin girov qoyub pullarını mənimsəyən bank işçilərindən ibarət mütəşəkkil dəstənin işi məhkəməyə göndərilib. Baş Prokurorluqdan "OLAYLAR"a verilən məlumatına görə, vətəndaşları aldadaraq evlərini girov qoymaq yolu ilə banklardan külli miqdarda pul vəsaitlərini talayan dəstə üzvlərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb. İstintaq zamanı Gəncə şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rafael Əbdürəhmanovun 2008-2009-cu illər ərzində "Kapitalbank" ASC-nin 2 saylı Yasamal filialının müdiri İlham Qasımov, "Azəriqazbank" ASC-nin Gəncə filialının müdiri Seymur Həsənov, həmin filialın xəzinədarı Nahid Allahverdiyev, kredit şöbəsinin mütəxəssisi Elmir Qurbanov, "Royalbank" ASC-nin Tovuz filialının müdiri Ədalət Müseyibov və digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Bakı və Gəncə şəhər sakinlərinin etibarlarından sui-istifadə edib onları aldadaraq evlərini banklara girov qoymaqla adlarına külli miqdarda pul vəsaitlərini rəsmiləşdirərək mənimsəməsi və israfetmə yolu ilə talaması müəyyən edilib. Habelə Tovuz rayon sakinlərinin adlarına saxta kredit müqavilələri və digər kredit sənədlərinin tərtib olunması yolu ilə qeyd edilən və digər bankların ümumilikdə 2 milyon 468 min manat məbləğində külli miqdarda əmlakını ələ keçirmələrində əsaslı şübhələr olduğundan Rafael Əbdürəhmanova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), Ədalət Müseyibova və Zöhrab Bayramova 179.3.2-ci maddəsi ittiham edilməklə barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbirləri, cinayətin digər (cəmi 15 nəfər) iştirakçılarına isə CM-in 178.3.2, 179.3.2, 308.2 və digər maddələri ilə ittiham elan edilməklə barələrində həbslə bağlı olmayan digər qətimkan tədbirləri seçilib.
Baş Prokurorluqdan bildirilib ki, vətəndaşlara və digər hüquqi şəxslərə dəymiş ziyanın istintaq zamanı qismən ödətdirilməsi təmin edilib.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31