Qaçaqmal yolu ilə heroin keçirmək istəyən yaxalandı
27 Avqust 2012 12:09 KriminalBiləsuvar gömrük sərhəd buraxılış məntəqəsində İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı Rəhimov Rəhim Vilayət oğlunun üzərində aparılmış şəxsi yoxlama zamanı narkotik vasitə aşkar edilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, onun üzərinə baxış zamanı şalvarının sağ yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda, təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan 4 ədəd həbdən ibarət "Methadone 20" göstəricili psixotrop dərman preparatı, daxili orqanı - düz bağırsağında gizlətdiyi iki ədəd yumru uzunsov bükümlərin birindən, xalis çəkisi 16,400 qram narkotik vasitə - heroin, digərindən isə xalis çəkisi 16,500 qram psixotrop maddə - metamfetamin gömrük əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmə faktına görə DGK İstintaq İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə cinayət işi başlanıb. İstintaq dövründə müəyyən edilmişdir ki, R.V.Rəhimov İran İslam Respublikasının Təbriz şəhərində istintaqla müəyyən edilməmiş mənbədən sözügedən narkotik vasitələri əldə edərək Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməyə cəhd göstərib.