İran vətəndaşı narkotik vasitə satarkən yaxalanıb
21 Oktyabr 2014 17:23 KriminalBiləsuvar Gömrük İdarəsinin Gömrük Hüquqpozmalarına qarşı Mübarizə Şöbəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olub. Araşdırma zamanı müəyyən edilib ki, İran İslam Respublikası vətəndaşı Səfər Abdullahivənd adlı şəxs Azərbaycana qaçaqmalçılıq yolu ilə göndərdiyi narkotik vasitəni ölkə ərazisində özünün satış ortağı vasitəsi ilə realizə edəcək. Komitədən verilən məlumata görə, keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı-Qazax magistralının 70 km-də Azərbaycan Respublikasının vətəndaşı Abbasov Coşqun Şahlar oğlu özü ilə gətirdiyi narkotik vasitəni şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satarkən saxlanılıb, Biləsuvar Gömrük İdarəsinin inzibati binasında Abbasov Coşqun Şahlar oğlunun satmaq istədiyi selofan torbaya baxış keçirilib. Baxış zamanı selofan torbanın içərisində olan 2 ədəd gümüşü rəngli, dördbucaqlı formada olan bağlamalarda ümumi xalis çəkisi 1 kiloqram 175 qram olan narkotik vasitə-həşiş qətranı aşkar edilib. Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.