Tikinti şirkətinin dələduz rəhbəri məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara qarşı dələduzluq edən "IN Eksklüziv Servis" tikinti şirkətinin rəhbəri Ələkbər Zeynalovun cinayət işi üzrə məhkəmə başlayıb. "OLAYLAR"ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Prokuror deyib ki, Ələkbər Zeynalov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham edilir. O, mənzil almaq adı ilə küllü miqdarda vəsait mənimsəyib. Şirkət 2006-cı ildən bəri payçıları aldadaraq onların pulunu mənimsəyib, mənzilləri isə sahiblərinə təhvil verməyib. Belə ki, bir mənzil bir neçə vətəndaşa satılaraq əldə olunan pullar yağmalanıb. Nəticədə əhalinin 1,5 milyon manatı mənimsənilib.

Prosesdə ifadə verən Ələkbər Zeynalov özünü təqsirli bilməyib. Məhkəmə zamanı zərərçəkmişlər də dindirilib. Zərərçəkmiş qismində dindirilənlər öz ifadələrində Ələkbər Zeynalov tərəfindən aldadıldıqlarını bildiriblər. Məhkəmə prosesi avqustun 27-də davam etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31