Rüşvətdə təqsirləndirilən baş həkim ittihamları rədd edir
24 Avqust 2012 17:47 KriminalSamir Güləliyev"OLAYLAR". Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham olunan Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Oktay Salamovun cinayət işi üzrə məhkəmə başlayıb.
Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Prokuror bildirib ki, 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Salamov Oktay İsgəndər oğlu Tibbi Sosial Ekspert Komissiyasına 88 nömrəli göndərişin verilməsi üçün xəstəxananın Buzovna qəsəbəsində yerləşən inzibati binasındakı xidməti otağında Bakı şəhər sakinindən 3 min manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Oktay Salamovun xidməti otağına baxış keçirilərkən qəzetə bükülmüş 30 ədəd 100 manatlıq əskinazlarla - cəmi 3 min manat məbləğində pul və vətəndaşın adı qeyd olunmuş qeydiyyat kitabçası maddi sübut kimi götürülüb. O, Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham edilir.
Prosesdə ifadə verən Oktay Salamov ona qarşı olan ittihamda özünü təqsirli bilməyib. Yunis Əsədova əlilik dərəcəsini almaq üçün 88 saylı göndərişin verilməsi ilə bağlı rüşvət almaq barədə razılığının olmadığını bildirib. Oktay Salamov öz ifadəsində əlillik dərəcəsinin verilməsi üçün 88 saylı göndərişin verilməsinin onun səlahiyyətində olmadığını əvvəlcədən dediyini vurğulayıb. Məhkəmə 27 avqust tarixində davam etdiriləcək.