Bakıda rüşvət alan əmək müfəttişinin məhkəməsi başladı
24 Avqust 2012 17:47 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidmətinin 1 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəis müavini Teyyub Dəmirovun cinayət işi üzrə məhkəmə başlayıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Prosesdə iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib və ilkin baxış prosesinin vaxtı müəyyənləşib. Məhkəmə baxışı avqustun 27-nə təyin edilib.
İttihama görə, vətəndaş Əlifağa Ağayev Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161 Qaynar xətt" əlaqə mərkəzinə müraciət edərək, Xəzər rayonunda fəaliyyət göstərən özünə məxsus "Halal ərzaq" mağazasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidmətinin 1 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin vəzifəli şəxsləri tərəfindən aparılmış yoxlama zamanı əmək və əməyin mühafizəsi üzrə müəyyən edilmiş pozuntularla bağlı tərtib olunan protokola uyğun olaraq inzibati xəta ilə əlaqədar cərimənin tətbiq olunmaması üçün, həmin müfəttişliyin rəis müavini Teyyub Dəmirovun ondan 1 500 manat rüşvət tələb etdiyini bildirib. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Teyyub Dəmirov 18 fevral 2012-ci il tarixdə xidməti otağında Əlifağa Ağayevdən 1 500 manatı rüşvət kimi alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən cinayət başında tutulub. Teyyub Dəmirov həmin pulları prokurorluq əməkdaşlarına təqdim edib, pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib. Teyyub Dəmirov Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham edilir.