Oğlu 15 il həbs cəzası alan ana niyə sevindi?
Bakıda həkimi öldürməkdə təqsirləndirilən şəxslərin məhkəməsi yekunlaşıb
16 Oktyabr 2014 19:24 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçən il Bakının Nərimanov rayonunda kardioloq Cavid Həmişəyevin qətlində təqsirləndirilən şəxslərin məhkəməsində qalmaqal yaşanıb. Lent.az-ın məlumatına görə, bu gün hökm oxunacağından həm zərərçəkən, həm də təqsirləndirilən şəxslərin yaxınları məhkəməyə gəlmişdilər. İclas başlamazdan əvvəl, mərhum kardioloqun anası zala daxil olarkən özünü təqsirləndirilənlərə tutaraq onlara belə dedi: "Bütün Azərbaycana, türk dünyasına lazım olan bir həkimi öldürmüsünüz. Bütün ölkə bu qətldən danışır. Əgər elə qəhrəman idinizsə, gedib erməniləri öldürərdiniz. Qana qan, ölümə ölüm tələb edirəm". Bundan sonra zalda qarşıdurma yaranıb. Təqsirləndirilən şəxslərdən 20 yaşlı Koroğlu Məmmədovun anası ilə C.Həmişəyevin anası arasında söyüşlü mübahisə yaranıb. K. Məmmədovun anası mərhumun fahişəxanalarda gəzdiyi, pul qarşısında qadınlarla cinsi əlaqəsinin olmasını həkimə yaraşdırmadığını bildirib. Bu mübahisəyə cinayətdə təqsirli bilinən Türkan Ağayeva da qoşulub. Koroğlunun anası isə üzünü Türkana tutaraq onu "Səni özümə gəlin kimi görürdüm. Mənə 3 oğlan dünyaya gətirəcəyini söz vermişdin, ay Türkan. Niyə belə oldu axı, Koroğlu səni sevirdi". Bu anda Türkan Ağayeva həmin qadına "Elə indi də sevir. Mənim indi də dərdimdən ölür " deyə cavab verib. Qətlə yetirilən həkimin anası da söhbətə qarışıb və təqsirləndirilənlər arasında olan 22 yaşlı Türkan Ağayevanı fahişə adlandırıb. "Sənin oğlumu tanıyan yerdə başına daş düşərdi. Elə Koroğlunun o bıçaq zərbələri endirən yerdə əlləri quruyardı". T.Ağayeva isə zərərçəkənə "Oğlun məni istəməsəydi, məndən uşaq istəməzdi də" deyə cavab verib və mübahisə daha da qızışıb. Bu zaman məhkəmə işçiləri araya girərək mübahisənin qarşısını alıb və məhkəmə sədri zala daxil olub. Hakim Rauf Əliyev təqsirli bilinən şəxslərdən son sözlərini deməyini istəyib. Təqsirli şəxslər isə bir ağızdan "Allahu Əkbər" deyiblər və onlara təqsirləndirilən şəxslərin yaxınları da qoşulub. Hakimlər təqsirləndirilən şəxslərin son sözünü dinlədikdən sonra hökmü elan etmək üçün müşavirəyə çıxıblar. Bu zaman Koroğlu Məmmədovun anası mərhumun anasına yalvarmağa başlayıb. "Bir oğlum 21 yaşında ölüb. Onu Qarabağda ermənilər amansızlıqla öldürüb. Ermənistan qaçqınıyıq, Azərbaycana sığınmışıq. Naxçıvanda nə zülmlə uşaqlarmı böyütmüşəm. Bağışlayın oğlumu, hadisə di də olub, böyüklük sizdə olsun". Lakin qətlə yetirilən həkimin anası ondan kömək istəyən qadına sərt cavab verib Bunu görən K. Məmmədovun qardaşı Cavid Həmişəyevin anasını üzərinə yeriyib. " Sənin mənim anamı təhqir etməyə haqqın yoxdur". Məhkəmə nəzarətçilərinin müdaxiləsindən sonra tərəflər yerlərinə çəkilib, K. Məmmədovun anası isə mərhumun anasına "Burdan çıxıb nəslinizi kəsərəm" deyib. Bundan sonra hakimlər müşavirədən qayıdıb və hökmü oxuyublar. Qətldə təqsirləndirilən Koroğlu Məmmədov və Yasin Ərəbov 15, Ağayeva Türkana isə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin mərhumun anası bu hökmlə razılaşmayıb: "Mənim cavan yaşda oğluma 29 bıçaq zərbəsi vurdular, 15 il aldılar. Bu belə qalmayacaq". Təqsirləndirilən şəxslərin yaxınları isə hökmdən razı qalıblar. K. Məmmədovun anası məhkəməyə təşəkkür edib və oğluna ömürlük həbs cəzası verilmədiyinə görə minnətdarlıq edib.