Müğənni əxlaqsızlıq yuvasına görə həbs edilə bilər
16 Oktyabr 2014 15:43 KriminalDİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Şərif Əsədullayevin mətbuata verdiyi açıqlamaya görə, İdarənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində "New Life" çay evində əxlaqsızlıq yuvası aşkarlanıb:"Şikayətçilər həmin kafedə əxlaqsız adamların toplandığını bildiriblər. Onların dediyi fakt da öz təsdiqini tapıb. İdarənin əməkdaşları əməliyyat keçirib. Bununla əlaqədar də cinayət işi başlanıb. Hazırda istintaq gedir". Bu arada sözügedən çay evinin müğənni Elçin Hüseynova məxsus olması barədə məlumat yayılıb. Hüquqşünas Xəyal Feyzullayev bildirib ki, obyektin sahibinin həbs olunub-olunmaması istintaq orqanının araşdırmasından və gələcəyi nəticədən asılıdır. Cinayət Məcəlləsinin 244-ci maddəsində "Əxlaqsızlıq yuvaları saxlama" cinayət əməlinin məzmunu və bu əmələ görə nəzərdə tutulmuş cəza göstərilir: "Qanuna görə, əxlaqsız yuvalar saxlama dedikdə, belə yuvaların fəaliyyət göstərməsini təmin etməyə yönəldilmiş fəaliyyət başa düşülür. Şəxs, mənzilin və ya qeyri-yaşayış sahəsinin mülkiyətçisi, sahibidir deyə, əxlaqsız faəliyyətin təşkili ilə bağlı birbaşa məsuliyyət daşımır. Lakin işin hallarından asılı olaraq, mülkiyyətçi, sahib və ya obyektin fəaliyyətini hər hansı formada təşkil edən, bu fəaliyyətdə iştirak edən şəxs CM-in 244-cü maddəsinin təsiri altına düşə bilər. Obyektin mülkiyyətçisi və ya kirayəçisi CM-in 244-cü maddəsi ilə o halda məsuliyyətə cəlb edilə bilər ki, bu şəxs ona məxsus sahədən əxlaqsız məqsədlər üçün istifadə edilməsinə şərait yaradır, yaxud ən azı bu məqsədlə istifadə edildiyini bilir və ya belə istifadə ediləcəyini bilə-bilə onu icarəyə verir. Bu hallar nəzərə alınaraq, istintaq orqanı məsələyə qiymət verə bilər. Əgər müğənni E.Hüseynovun obyektində hər hansı qanunsuz fəaliyyəti təmin etməsi, deyildiyi kimi, əxlaqsızlıq yuvası kimi istifadə edildiyini bilməsi və s. yuxarıda sadalanan hallar müəyyən olunarsa, onun CM-in 244-cü maddəsi ilə ittiham edilməsinə əsas yarana bilər. Ancaq, E.Hüseynovun bu məsələdə məlumatsız olması sübuta yetirilərsə, o, cinayət məsuliyyəti daşımır. Hər şey istintaq orqanının araşdırmasının nəticəsindən asılıdır. Hüquqşünas onu da bildirib ki, CM-in 244-cü maddəsində nəzərdə tutulan əməl - əxlaqsızlıq yuvaları saxlama- sübuta yetirilərsə, 3 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməl təkrar, bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, 3 ildən 6 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.