Azərbaycanda 3 nəfərin həlak olduğu avtobus qəzası ilə bağlı rəsmi açıqlama
14 Oktyabr 2014 14:38 KriminalDİN İrana zəvvar aparan avtobusun Biləsuvarda qəzaya uğraması ilə bağlı rəsmi məlumat yayıb. Biləsuvarda sərnişin avtobusunun aşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 13-də saat 06 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndində İran İslam Respublikası vətəndaşı Vajir Fariborz idarə etdiyi "Scania" markalı avtobusu aşırıb. Onun sərnişinlərindən - Neftçala rayon sakinləri Elşad Məhərrəmov, Afət Məhərrəmov və Təbib Məmmədov hadisə yerində ölüblər, digər 3 sərnişin xəstəxanaya yerləşdirilib. Faktla əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır. Hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə bildiriblər ki, avtobus Azərbaycandan İran İslam Respublikasının Məşhəd şəhərinə gedən zəvvarları aparırmış.