Qızına toy edən tanınmış jurnalist ağır qəza keçirib

Yadigar Məmmədli ağır qəza keçirdi

Dünən qızına toy edən tanınmış jurnalist, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli ağır qəza keçiribmiş. Aznews.az-ın əldə etdiyi xəbərə görə, toydan bir gün öncə, gecə saatlarında paytaxtın Nizami küçəsi ilə K.Səfərləyeva küçəsinin kəsişməsində qəzaya düşən Y.Məmmədli möcüzə nəticəsində sağ qalıb. İşıqforda yüksək sürətlə hərəkət edən "VAZ 21-07" markalı avtomobil qırmızı işıqda keçərək, jurnalistin idarə etdiyi "BMW" markalı avtomobilə çırpılıb. Zərbədən "BMW" üstə aşıb. Avtomobili yararsız hala düşsə də, xoşbəxtlikdən özü yüngül xəsarətlərlə canını qurtara bilib. Sonradan məlum olub ki, həmin avtomobil sürücüsü Yadigar Məmmədlinin idarə etdiyi avtomobilə çırpılmazdan öncə başqa bir qəza törədib, hadisə yerindən qaçırmış. Hadisədən sonra Yadigar Məmmədli təcili olaraq xəstəxanaya yerləşdirilib. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Tövsiyə olunub ki, qızının toyundan sonra müalicə etdirsin. Qəzanın tədqiqatçısı, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşı Samir Ələkbərli aznews.az-a açıqlamasında avtomobil qəzası ilə bağlı avtoekspertizanın təyin olunduğunu deyib. Onun sözlərinə görə, hadisəni törədənin şəxsiyyəti də bəllidir. "Amma təhqiqat araşdırması getdiyindən kimin günahkar olmağını deyə bilmərəm. Təhqiqat bitəndən sonra mətbuata açıqlama vermək olar. Lakin indi bu barədə nəsə demək düz deyil", - Samir Ələkbərli bildirib.

Qeyd edək ki, dünən baş tutan toyda Y.Məmmədli keçirdiyi qəzanı hamıdan gizlədib. Amma onun ayağını çəkdiyi və alnında əzik yerlərinin olması da diqqətdən yayınmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31