Qaçaqmalçılıqla mübarizə mövzusunda təlim kursu təşkil olunub
12 Sentyabr 2014 14:08 KriminalDövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində qaçaqmalçılıq hallarının qarşısının alınması mövzusunda təlim kursu sentyabrın 12-də başa çatıb. DGK-dan verilən məlumata görə, ABŞ-ın Narkotiklərə Qarşı Mübarizə İdarəsinin təşkil etdiyi kurs Azərbaycan Gömrük Xidmətinin əməkdaşları üçün nəzərdə tutulub. Təlim kursunda məqsəd Amerika Birləşmiş Ştatlarının beynəlxalq hava limanlarında narkotiklərin qaçaqmalçılığının qarşısının alınması sahəsindəki təcrübəsinin öyrənilməsidir.Tədbirin açılış mərasimində giriş sözü ilə çıxış edən DGK Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Güloğlan Muradlı Azərbaycan gömrüyünün qaçaqmalçılıq hallarına qarşı mübarizəsi və bu sahədə indiyədək aşkar edilən irimiqyaslı faktlar barədə danışıb. Baş İdarənin rəisi qeyd edib ki, belə təlimlərin keçirilməsi və qarşılıqlı təcrübə mübadiləsi qaçaqmalçılıqla mübarizə işinin effektivliyini artırır. ABŞ-ın Narkotiklərə Qarşı Mübarizə İdarəsinin San-Fransisko və Ankara ofisinin mütəxəssisləri tərəfindən keçirilən təlimdə vurğulanıb ki, Azərbaycanın sürətli inkişafı ilə əlaqədar olaraq ölkəyə daxil olan şəxslərin sayı artır və bu da qaçaqmalçılıq hallarının çoxalmasına təsir etməyə bilməz. Amerikalı mütəxəssislər yerli gömrükçülərə qaçaqmalçılıqla mübarizədə yeni üsullar barədə məlumat verib, praktiki məşğələlər keçiblər. Təlim kursunun iştirakçıları qaçaqmalçılıqda şübhəli şəxslərin müxtəlif üsullarla - dindirilmə, sorğu, biletlərin və daşıyıcıların xüsusiyyətlərinə görə müəyyən edilməsi yolları barədə də bilgiləndirilib. Qeyd edək ki, təlimlərin aparılmasına hər iki ölkənin gömrük mütəxəssislərilə yanaşı, Azərbaycan prokurorluq orqanlarının ekspertləri də cəlb edilib. Azərbaycan Respublikası Prokurorluğu tərəfindən təlim iştirakçılarına hüquqi məsələlər, nəzəri və praktiki təcrübə barədə məlumat təqdim olunub. Təlim kursu sentyabrı başa çatdıqdan sonra iştirakçılara sertifikatlar təqdim edilib.