Qaçaqmalçılar tutuldu
10 Sentyabr 2014 16:42 KriminalRespublikamızın gömrük orqanları qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini davam etdirir. Belə ki, bu günlərdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Bəxtiyarov Bəhruz İsman oğlu gömrük nəzarətinin yaşıl kanalını keçdikdən sonra onun hərəkətləri şübhə doğurduğu üçün saxlanılmış və ona aid baqajlara və əl yüklərinə baxış keçirilmişdir. Baxış zamanı 3 ədəd yaşıl sellofanla üzlənmiş açıq mavi rəngli plastik qutuların içərisindən, Bəxtiyarov Bəhruz İsman oğlunun gömrük nəzarətinə təqdim etmədiyi, şifahi, kağız üzərində yazılı, elektron formada bəyan etmədiyi 59 kiloqram 687 qram gümüşdən hazırlanmış zərgərlik məmulatları aşkar olunmuşdur. Bundan sonra aşkar olunan əşyalar qablaşdırılaraq, hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülmüşdür. Daha bir qaçaqmalçılıq faktı da Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aşkarlanmışdır. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, 336 saylı İstanbul-Bakı aviareyslə gələn Azərbaycan Respublikası vətəndaşı Quliyev Vidadi Sübhan oğlu gömrük nəzarətindən keçdikdən sonra gömrük zonasını tərk etmək istəyərkən idarənin əməkdaşları tərəfindən saxlanılmış və gömrük bəyannaməsinin bəndləri üzrə şifahi sorğu-sual edilərkən, baqajında və əl yükündə mütləq bəyan olunası malların olmadığını bildirmişdir. Bundan sonra müvafiq qanunvericiliyə uyğun olaraq V.S.Quliyevə məxsus baqaja gömrük baxışı keçirilməsi və üzərində şəxsi yoxlama aparılması üçün, o gömrük yoxlama otağına dəvət olunmuşdur. Quliyev Vidadi Sübhan oğluna məxsus olan tünd gəhvəyi rəngli çamadanına keçirilmiş gömrük baxışı zamanı çamadanın içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş 150 ədəd diş implantları aşkar edilmiş, hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülmüşdür. Hər iki faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.