DİQQƏT: Bakıda saxta dollar xofu
32 min dolları 12 minə satmaq istəyən tutuldu
9 Sentyabr 2014 15:49 KriminalDaxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları külli miqdarda saxta Amerika dollarının dövriyyəyə daxil edilməsinin qarşısını alıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Kürdəmir rayonunda anadan olan Elşən Osmanovun saxta dollar əldə etməsi və satmaq istəməsi barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olub. Elşən Osmanov dərhal nəzarətə götürülüb. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində o Nərimanov rayonu ərazisində saxlanılıb. 36 yaşlı Elşən Osmanov 320 ədəd saxta 100 dollarlıq əsginasları 12 min həqiqi Amerika dollarına satmaq istəyərkən cinayət başındaca tutulub. Ondan 32000 saxta Amerika dolları maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsində bildirib ki, saxta dollarları ölkəmizdən kənarda hazırlatdırıb. Saxta pulları dövriyyəyə daxil etmək üçün gizli yolla Bakı şəhərinə gətirib. Saxta pul nümunələrinə baxış zamanı əsginasların xüsusi peşəkarlıqla hazırlandığı, həqiqi dollardan bir o qədər seçilmədiyi müəyyən olunub. Faktla bağlı Daxili İşlər Nazirliyi İstintaq Şöbəsində cinayət işi başlanıb. İstintaq saxta pulların mənbəyini araşdırır. Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, alış veriş edərkən diqqətli olsunlar. Şübhəli pul nümunələri ilə rastlaşdıqda dərhal yaxınlıqdakı polis orqanlarına bu barədə məlumat versinlər.