39 nəfər dövlət sərhədini pozub
9 Sentyabr 2014 13:44 Kriminal2014-cü ilin avqust ayı ərzində dövlət sərhədini pozduqları üçün 31 halda 39 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, onların 23 nəfəri Azərbaycan , 3 nəfəri İran , 2 nəfəri Moldova, 2 nəfəri Türkiyə, 2 nəfəri Ukrayna, 2 nəfəri Qazaxıstan, 2 nəfəri Pakistan, 1 nəfəri Qırğızıstan vətəndaşı olub. Sərhəd rejim qaydalarını pozduqlarına görə 3 halda 4 nəfər, Xəzər dənizində isə 11 halda 19 nəfər saxlanılaraq inzibati xəta törətdiklərinə görə məsuliyyətə cəlb olunub. Sərhəd nəzarəti məntəqələrində dövlət sərhədindən keçməyə cəhd edərkən hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 268 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 17 halda ümumilikdə 109 kiloqram 421 qram narkotik maddənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb. Belə ki, 11 avqust 2014-cü il tarixdə Astara şəhəri ərazisindəki zastavanın xidməti sahəsində 100 qram heroin; 14 avqust 2014-cü il tarixdə Beyləqan rayon Əhmədli kənd ərazisindəki zastavanın xidməti sahəsində meşə zolağında ağacın dibində basdırılmış halda 3 kiloqram tiryək aşkarlanaraq götürülüb. Bundan başqa, 20 avqust 2014-cü il tarixdə "Göytəpə" sərhəd dəstəsinin "Kürünc" sərhəd zastavasının xidməti ərazisində bir qrup İran İslam Respublikası vətəndaşı Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq narkotik vasitələrin keçirilməsinə cəhd göstərmiş, sərhəd naryadı tərəfindən onların saxlanılması üçün müvafiq tədbirlər görülmüş, sərhəd pozucuları üzərilərindəki əşyaları ataraq, ərazinin mürəkkəb relyefindən istifadə etməklə geriyə İran ərazisinə qaçmağa müvəffəq olublar. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerində 1 ədəd AKMS markalı avtomat silah, 60 ədəd 7,62 mm kalibrli patronla dolu 2 ədəd daraq, 1 ədəd "Bereta" markalı ov tüfəngi, 4 ədəd patron, 1 ədəd elektron tərəzi, 20 kq həşiş qətranı və 4,5 kq "kokos" tipli narotik vasitələr aşkar olunaraq götürülüb.