Dəmir yolunda partlayış
2 nəfər ağır yaralandı
17 Avqust 2012 15:46 KriminalBakı-Qazax dəmiryolu xəttində güclü partlayış baş verib. "OLAYLAR"ın məlumatına görə, hadisə dəmir yolunun Goranboy rayonunda yerləşən Kürəkçay stansiyasının ərazisində baş verib. Hadisə avqustun 17-də səhər saat 11:00 radələrində stansiyanın ərazisində dəmiryolu təmiri ilə məşğul olan işçilərin yaşadığı vaqonda qeydə alınıb. Vaqonun mətbəxində propan qaz balonu işçilərin ehtiyatsızlığı səbəbindən partlayıb. Güclü partlayış yanğına keçib. Hadisə yerinə Goranboy rayon Dövlət yanğından mühafizə hissəsinin iki maşını və canlı qüvvəsi cəlb edilib. Hadisə zamanı vaqon içindəki əşyalarla birgə yanıb.
Hadisə nəticəsində vaqonda olan iki fəhlə - Cəlilabad rayon sakinləri - 1989-cu il təvəllüdlü Babaşov Emil İbrahim oğlu və 1972-ci il təvəllüdlü Sadıqov Eldar Behbud oğlu müxtəlif yanıq xəsarətləri ilə Goranboy Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Emil Babayevin vəziyyəti daha ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır. Faktla bağlı araşdırma aparılır.