Mənzildə halsız qalmış kişi xilas edildi
17 Avqust 2012 15:34 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1968-ci il təvəllüdlü kişi mənzildə köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. "Olaylar"ın FHN-in saytına istinadən verdiyi məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin pəncərəsindən keçərək daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş halsız vəziyyətdə aşkarlanıb. O, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.