Rüşvətxor baş həkimin məhkəməsi başladı
17 Avqust 2012 15:20 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının rüşvətxorluqda təqsirləndirilən sabiq baş həkimi Oqtay Salamovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. "OLAYLAR"ın məlumatına görə, prosesdə ittiham aktı elan olunub və məhkəmə baxışının vaxtı təyin edilib. Məhkəmənin qərardadı ilə ilk baxış prosesi avqustun 24-nə təyin edilib.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Oqtay Salamov Bakı şəhər sakinindən Tibbi Sosial Ekspert Komissiyasına göndərişin verilməsi üçün rüşvət tələb etdiyi üçün həbs edilib. O. Salamov bu il mayın 3-də Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılıb. O, Tibbi Sosial Ekspert Komissiyasına 88 nömrəli göndərişin verilməsi üçün xəstəxananın Buzovna qəsəbəsində yerləşən inzibati binasındakı xidməti otağında Bakı şəhər sakinindən 3 min manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Oqtay Salamovun xidməti otağına baxış keçirilərkən qəzetə bükülmüş 30 ədəd 100 manatlıq əsginaslarla - cəmi 3 min manat məbləğində pul və vətəndaşın adı qeyd olunmuş qeydiyyat kitabçası maddi sübut kimi götürülüb. Baş həkim Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilib.