Evdən qaçan qızın harada olduğu bilinmir
Əməkdaşımız iki üzvü intihar edən ailənin yaşadığı yerə gedib; qonşular qızın gizlədildiyini və dindirilənlərin sayının çox olduğunu bildirirlər
22 Avqust 2014 12:51 KriminalBir neçə gün əvvəl Bakıda bir ailənin iki üzvünün intiharına səbəb olan evdən qaçan qız ailəsinə təhvil verilib. Bildirilir ki, Aynur (ad şərtidir- red) polis tərəfindən tapılaraq ailəsinə qaytarılıb. Xəbər saytları həmin hadisənin görüntülərini də yayıblar. Əməkdaşımız isə ailənin yaşadığı binada olub və tapılan qızla söhbətləşmək istəyib. Yeni Yasamal 2, ev 10 ünvanına gedən əməkdaşımıza qonşular bildiriblər ki, hazırda ailə üzvlərindən heç kim həmin mənzildə yaşamır: "Heç kim yoxdur. Ana ilə qız özünü öldürüb, ata həbsdə, qardaşı da nənə aparıb". Qonşuların sözlərinə görə, intihar edən ana-balanın yası bir qədər kənarda yerləşən nənənin evində verilir. Qonşular təhvil verilən qızın harada olmasından xəbərsiz olduqlarını da vurğulayıblar: "Onun ailəyə qaytarılması düzgün deyildi. Polis niyə belə etdi? İndi heç bilmirik haradadır. Yasa gedənlər də onu həmin evdə görməyiblər. Deyəsən, gizlədirlər. onun başına bir hadisə gəlsə, polis buna cavabdehlik daşıyacaqmı?"
Bəzi qonşular faciə baş verən insanları sakit ailə kimi xarakterizə edirlər. Bəziləri isə bildirirlər ki, ailənin bu cür duruma düşməsində ailə başçısı Asəf Fərzəliyev səbəbkardır: "O, ailəsi ilə çox pis rəftar edirdi". Qonşular ailə başçısının bir neçə gün əvvəl həbs edildiyini təsdiqləyiblər. Həmçinin deyiblər ki, onun qardaşları, həmçinin ailənin 17 yaşlı oğlu da sorğu-sual ediliblər: "Onlar bir neçə dəfə dindiriliblər". Bildirilir ki, ata məhz evdən qaçan qızın polisə verdiyi ifadə əsasında həbs edilib.
Qeyd edək ki, ailənin tapılan 14 yaşlı qızı ilə bağlı da ziddiyyətli məlumatlar yayılır. İnterpress.az bildirir ki, bir neçə gün əvvəl tapılan qızın ailəsinə təhvil verilməsi barədə məlumat həqiqəti əks etdirmir. Hazırda A.Fərzəliyeva ailəsində deyil və təhlükəsiz yerdə saxlanılır. Buna səbəb kimi, ana və qızın intiharı, A.Fərzəliyevanın isə evdən qaçmasında müəmmalı məqamların çox olması, bu səbəbdən 14 yaşlı qızın təhlükəsizliyinin təmin edilməsinin vacibliyi göstərilir. Hətta yeniyetmə qızın qəyyumluğunun da ailəsindən alınacağı istisna edilmir.
Qeyd edək ki, əksər peşəkar televiziyalar və internet media qurumları itkin düşmüş qızın hüquq-mühafizə orqanları tərəfindən hadisə yerinə gətirilməsini və aparılan əməliyyat prosesini yayımlayıblar. Bu zaman yeniyetmənin üzü açıq şəkildə göstərilib. Uşaq hüquqlarının qorunması ilə bağlı ölkədə fəaliyyət göstərən QHT-lər isə bu cür durumlardan narahatdırlar. Çünki yeniyetmənin adı bir cinayət hadisəsində hallanır.
Ölkə Konstitusiyasının 32-ci maddəsində isə bildirilir ki, hər bir şəxsin şəxsi toxunulmazlıq hüququ var. Yəni öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə bildirir ki, bu cür hallar azından, etik deyil: "Bu məsələlərdə son dərəcə diqqətli olmaq lazımdır. Məni o qızın taleyi narahat edir. O, yeniyetmədir, sabah məktəbə gedəcək, onun çevrəsi olacaq. İndi isə onun şəklini, görüntüsünü yayımlayıblar. Bu, əxlaqa sığmayan bir davranışdır. İnsanların taleyi ilə bu şəkildə davranmaq olmaz. Biz həmin media qurumlarını məhkəməyə vermək barədə düşünürük".
Xatırladaq ki, bir neçə gün əvvəl Yeni Yasamal 2, ev 10 ünvanında 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Aytac Asəf qızı Fərzəliyeva özlərini yaşadıqları binanın 9-cu mərtəbəsindən ataraq intihar ediblər. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb və hazırda istintaq hərəkətləri davam etdirilir. Onların intihar etməsinin səbəbləri hələlik məlum olmadığı bildirilir. Polisdən bildirilib ki, iki üzvü intihar edən ailənin bir neçə gün əvvəl 14 yaşlı qızları itkin düşüb.