Balakəndə narkotik əkən şəxs saxlanılıb
19 Avqust 2014 14:57 KriminalBalakən rayonunda narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxs saxlanılıb.
Milli.Az Kanal S-ə istinadən bildirir ki, Balakən RPŞ-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində "Xaş-xaş 2014" şərti adı altında növbəti əməliyyat-axtarış tədbiri keçirib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Mahamalar kəndində, 1952-ci il təvəllüdlü Ramazan İsa oğlu Zaxlayevin yaşadığı evin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edilmiş 5 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolları aşkar edilib.
Aşkar edilən narkotik bitki hal şahidlərinin iştirakı ilə maddi sübut kimi ərazidən yığılaraq götürülüb. Ramazan Zaxlayevdən müvafiq izahat alındıqdan sonra rayonu tərk etməmək şərti ilə sərbəst buraxılıb.
Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.