Yeyib-içmək, şit zarafat, dava, qan və 4 il həbs...
19 Avqust 2014 14:44 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon sakini, 1989-cu il təvəllüdlü Əliyarov Ayaz Firuz oğlunun məhkəmə istintaqı yekunlaşıb. Prosesə hakim Rasim Sadıqov sədrlik edib.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, məhkəmə yolu ilə müəyyən edilib ki, A.Əliyarov 21 noyabr, 2013-cü ildə sərxoş vəziyyətdə, Xaçmaz-Niyazabad şose yolunun 1-ci km-də qonşusu Elnur Vasif oğlu Ağabalayevlə aralarında yaranmış münaqişə zəminində ona bıçaqla xəsarət yetirib.
Törətdiyi bu əmələ görə A.Əliyarova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə ifadə verən A.Əliyarov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində Elnurla yaxın qonşu olduqlarını, aralarında düşmənçilik və ədavət olmadığını göstərib: "Kafeyə girəndə bizimlə eyni məhəllədə yaşayan uşaqların - Elnur, Vüsal, Elşən və Ayazın süfrə arxasında əyləşib yemək yediklərini gördüm. Məni də süfrəyə dəvət etdilər. Bir qədər yeyib-içəndən sonra Elnur mənimlə zarafatlaşmağa başladı. Elnura mənimlə zarafat etməyi məsləhət görmədim. Amma xeyri olmadı. Əl-qol hərəkətləri ilə zarafatlaşarkən stolun üstündəki şirə butulkasına toxundu, butulka aşdı, şirə üstümə dağıldı.
Elnurun şit hərəkətləri xoşuma gəlmədiyindən aramızda mübahisə yarandı. Birlikdə kafedən çölə çıxdıq. Bir-birimizin yaxasından yapışaraq əlbəyəxa olduq. Elnur iki dəfə yumruqla sifətimdən vurdu. Həmin vaxt Vüsal və Ayaz bizi ayırdı. Vüsalgil məni maşına mindirib oradan getməyimi xahiş etdilər. Maşına əyləşmək istəyəndə Elnur arxa tərəfdən iki dəfə başıma yumruq endirdi. Onun üstünə getmək istəsəm də Ayazgil məni təkrar maşına əyləşdirdilər. Xaçmaza çatanda Ayaz zəng vurub "qayıt gəl, Elnur səndən üzr istəmək istəyir, həm də bizi maşınla evə apar" dedi. Ona görə də yenidən şəxsi maşınımla kafeyə qayıtdım. Həmin vaxt Elnurla aramızda mübahisə olmadı. Elnur qabaq oturacaqda, Vüsalgil isə arxada əyləşdilər. Maşını idarə edərkən səsboğucunun asfalta dəydiyini hiss etdim. Səs çoxaldığından maşını yolun kənarına verib saxladım. Yerə düşəndə gördüm ki, avtomaşının səsboğucusunun uc tərəfi əyilib. İçkili olduğum üçün özüm düzəldə bilmədim, bir nəfərin də gəlib kömək etməsini xahiş etdim. Bu vaxt Elnur düşüb gəldi və əyilib səsboğucunu düzəltməyə başladı. Ayağa duranda "bayaq mənə dediyin nalayiq söyüşləri əsaslandır" dedi. Elnura söhbətin bitdiyini desəm də o, əl çəkməyib "heç nə qurtarmayıb, sübut elə ki, mən sənin dediyin söyüşün adamıyam" deyərək yumruqla sifətimdən vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Ayaz maşından düşüb Elnuru sakitləşdirməyə çalışdı".
Təqsirləndirilən şəxsin sözlərinə görə, Elnur tərəfindən döyüldüyü üçün ona qarşı əsəbi olub. Bu səbəbdən maşından götürdüyü bıçaqla onu qorxutmaq istəyib: "Elnur bıçağı görüb qaçmağa başladı. Arxasınca qaçaraq ona çatdım və ayağından zərbə endirmək istədim. Məqsədim Elnuru qorxutmaq idi. Amma aşağı əyildiyindən bıçaq kürək nahiyəsinə dəydi. Elnur qəflətən arxaya fırlanıb çiynimdən yapışaraq məni yerə yıxdı. Yerdə əlbəyaxa olduq. Ola bilsin ki, yerdə süpürləşərkən bıçaq Elnurun bud nahiyəsinə dəyib yaralayıb. Amma mən bunu xatırlamıram. Arxamızca gələn uşaqlar Elnuru ayağa qaldırıb maşına otuzdurdular. Elnuru Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirdik. Yolda gedərkən bıçağı zibilliyə atdım".
Tutulacağından qorxduğunu deyən A.Əliyarov yaralını xəstəxanaya apardıqdan sonra oradan uzaqlaşıb. Həmin gecə Siyəzəndə dostunun evində gecələyib, ertəsi gün isə Bakı şəhərinə gəlib: "Ailəmlə əlaqə saxlayıb Elnuru vurduğumu dedim. Atam qaçmağın mənası olmadığını, könüllü şəkildə polis şöbəsinə getməyimi tapşırdı. Noyabr ayının 25-də Xaçmaz Rayon Polis Şöbəsinə gedərək könüllü təslim oldum.
Hadisədən sonra atam Elnurun müalicəsi üçün 400 manat pul ödəyib. Yenə ödəmək istədikdə Elnurun atası maddi köməkliyi qəbul etməyib, daha artıq məbləğ ödəməli olduğumuzu deyib. Ona görə də atam 400 manatdan əlavə heç bir köməklik edə bilməyib. Tutduğum əməldən peşmanam".
Zərərçəkmiş şəxs qismində məhkəmədə dindirilən E.Ağabalayev ifadəsində Ayaza qarşı heç bir şikayət və tələbinin olmadığını deyib: "Maşından düşüb səsboğucunun yerinə taxılmasında Ayaza köməklik etdim. Ayaz mənə kafedə düzgün hərəkət etmədiyimi irad tutdu. Ayaza dedim ki, düz edib-etməməyi sabah ayıq başla aydınlaşdırarıq, bu gün ikimiz də içkiliyik. Lakin Ayaz yenə də söyüş söydü. Mən də yumruqla sifətindən vurdum. Maşından bıçaq götürüb üstümə gəldi. Mənə çatıb əliylə çiynimdən tutaraq kürəyimə zərbə endirdi. Ağrının təsirindən yerə çökdüm. Bir qədər öncə mənimlə birlikdə yeyib-içən dostlarım Ayazın maşını ilə məni xəstəxanaya apardılar. Sonradan nə baş verdiyini xatırlamıram. Bir gün sonra ayılanda üzərimdə cərrahiyyə əməliyyatı aparıldığını eşitdim.
Kafenin qarşısında mübahisə edəndən sonra Ayaza zəng vurmamışam, ondan üzr istəmək istədiyimi deməmişəm. Ayazın təkrar kafeyə çağırılmasından məlumatım olmayıb. Ayaza qarşı heç bir şikayətim və tələbim yoxdur".
Məhkəmənin hökmü ilə Ayaz Əliyarov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il müddətinə azadlıqdan məhrum edilib.