Baş prokuror iş adamının oğurlanması faktını xüsusi nəzarətə götürdü

Zakir Qaralov Valeh Əzizovun şikayətinə reaksiya verdi

2010-cu ildə Azərbaycanın Salyan rayonunda iş adamı Valeh Əzizovun oğurlanması ilə bağlı iş Baş Prokurorluq tərəfindən nəzarətə götürülüb. Bu barədə "OLAYLAR"a mütəşəkkil dəstə tərəfindən oğurlanan Valeh Əzizovun özü məlumat verib. Zərərçəkmiş birdirib ki, faktla bağlı dəstənin 4 üzvü həbs edilsə də, mütəşəkkil dəstə hələ də tam zərərsizləşdirilməyib: "Hazırda məni oğurlayan 4 nəfər həbsdədi və onlar məhkəmə qərarı ilə cəza alıb. Amma, mən məhkəmə qərarı ilə razı deyiləm və qərardan şikayət vermişəm. Ona görə ki, cinayət işindən adam oğurluğu maddəsi çıxarılıb, prokurorluq qərəzli iş apararaq dəstənin sifarişçilərini işdən yayındırıb. Hazırda mənim oğurlanmağımı sifariş verən şəxslər azadlıqdadır, iş icraçıları həbs edilib. Ona görə də, mən istintaqın yenilənməsi, cinayət işində maddələrin düzgün tövsif olunması və məsuliyyətdən yayındırılan şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədilə Baş prokuror Zakir Qaralova müraciət etdim". Valeh Əzizov bildirib ki, müraciətdən sonra Baş Prokuror Zakir Qaralov müraciətə dərhal reaksiya verib və işi xüsusi nəzarətə götürüb. Hazırda Baş Prokurorluq adam oğurluğu faktının ciddi araşdırılması üçün göstəriş verib.
Qeyd edək ki, hadisə 2010-cu ilin oktyabr ayında Salyan rayonunda baş verib. Rusiyada sahibkarlıqla məşğul olan iş adamı Valeh Əzizov rayon ərazisində 4 nəfər naməlum şəxsin hücumuna məruz qalıb. Valeh Əzizovu özünə məxsus "Mersedes S-Klass" markalı atomobilinə əyləşdirərək avtomobillə birgə Ağsu dolaylarına aparıb onun yaxınlarından 150 min dollar tələb ediblər. Uzun danışıqlardan sonra Valeh Əzizov 1500 dollar müqabilində azadlığa buraxılıb. Faktla bağlı keçirilən əməliyyat tədbirləri nəticəsində Valeh Əzizovu oğurlayan dəstənin 4 üzvü yaxalanıb və həbs edilib.   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31