Sahibkarın maşını 150 metr dərinliyi olan dərəyə düşdü
Sürücü Cavad Hüseynov aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib
12 Avqust 2014 19:11 KriminalBu gün səhər saatlarında Muğanlı-İsmayıllı yolunun 10-cu kilometrliyində, Ağsu rayonu ərazisində ağır yol qəzası qeydə alınıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Balakən rayon sakini 60 yaşlı Cavad Hüseynovun idarə etdiyi "Hyundai Santafe" markalı minik maşını ilə hərəkətdə olarkən sürücü qəflətən idarəetməni itirib. Bu zaman maşın yoldan çıxaraq 150 metr dərinliyi olan dərəyə aşıb. Hadisə nəticəsində maşın tanınmaz hala düşüb. Sürücü Cavad Hüseynov aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib. Avtomobildə olan sərnişin Balakən rayon sakini 41 yaşlı Qəhrəman Quliyev müxtəlif dərəcəli bədən xəsarətlərilə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Sürücü Cavad Hüseynov və sərnişin Qəhrəman Quliyevin həyat yoldaşları isə yüngül xəsarət aldıqları üçün ilkin tibbi yardım göstərilərək evə buraxılıblar. Hadisə dağlıq ərazidən keçən yolun aşırımlı hissəsində qeydə alınıb. İlkin ehtimala görə, sürücü sükan arxasında qəflətən yuxuya gedib və maşın döngədə yoldan çıxaraq dərəyə yuvarlanıb.
Qeyd edək ki, sürücü Cavad Hüseynov Balakən rayonunda bir neçə mağazanın sahibi kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.