Tovuzda zəncirvari qəzada yol polisi günahlandırılır

 Tovuzda baş verən zəncirvari yol nəqliyyat hadisəsi çaşqınlıq yaradıb. Bu barədə "OLAYLAR"a hadisə şahidi Nicat Abdullayev məlumat verib. Məlumata görə, hadisə rayonun Heydər Əliyev prospektinin Ağstafa istiqamətində olan zolağında baş verib. Həmin zolaqda təmir işləri getdiyi üçün yolun bir zolağından istifadə olunur. Zolağın darlığını nəzərə almayan sürücülər isə ötmə əməliyyatını yerinə yetirmək istəyiblər. Nəticədə qəza qaçılmaz olub. Tovuz rayon Dövlət yol polisi şöbəsinin baş inspektoru İlqar İbrahimov bildirib ki, hadisəyə səbəb üç avtomobilin birdən ötmə əməliyyatını düzgün aparmaması olub: "VAZ 2104 markalı, VAZ 2199 markalı, bir də, VAZ 210445 markalı avtomobillər ötməyə çıxıb düzünə hərəkətdə olan nəqliyyat vastəsini vurub. Nəticədə arxada hərəkət edən avtomaşın da onlara dəyib." Yol polisi bildirib ki, hadisə çörəkdaşıyan maşının sürücüsünün ehtiyatsızlığından baş verib. Sürücü isə bununla razılaşmır. Hadisədə adı hallanan sürücü Azər Verdiyev deyir ki, ərazidə yol nişanı olmadığından hadisə baş verib: "Orada yol nişanı yoxdur. O biri tərəfə də qadağan işarəsi qoyulub yolu bağlayıblar. Svetafor yandı mən də keçdim. Gördüm maşınlar gəlir. İstədim çəkəm bu qırağa, bu tərəfdə də iki taksi dayanmışdı. Çəkə bilmədim gəldi dəydi." Hadisədə iştirak edən digər iştirakçı Həsən Qəşəyev isə günahı çörək daşıyan avtomobildə görür: "Birtərəfli yola icazə verildiyi üçün öz yolumla gəlmişəm. Svetaforu keçəndən sora çörək maşını qarşıma çıxdı toquşduq. Və arxadan gələn maşınlarda mənim maşınımın arxasına dəydilər." Hadisə zamanı ərazidə tıxac yaranıb. Təxminən bir saat həmin istiqamətdə hərəkət məhdudlaşdırılıb. Qəzaya uğrayan avtomobillər ərazidən aparıldıqdan sonra hərəkət bərpa olunub. Qəza ilə bağlı Tovuz Rayon Polis İdarəsinin Yol patrol Xidmətinin əməkdaşları araşdırma aparır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31