Eyvanda yatan qadının faciəsi
8 Avqust 2014 15:22 KriminalYevlaxda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Yevlax rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Qarxun kənd sakini, 61 yaşlı Gülxanım Uğuruyeva yaşadığı evin eyvanından yıxılıb. Xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb. Bildirilir ki, ailə qurmayan qadın qardaşının ailəsi ilə yaşayırmış. Hava çox isti olduğundan o, gecələr evin eyvanında yatırmış. Dünən isə qardaşı Tərxan gecə saat 01 radələrində səs eşidib. Çölə çıxanda isə bacısının eyvandan yıxıldığını görüb. Dərhal rayon xəstəxanasına çatdırılan 61 yaşlı qadın səhərə yaxın ölüb. Hadisə ilə bağlı cinayət işi açılıb. İlkin ehtimalına görə, G. Uğuruyevanın ölümünə başından aldığı xəsarət səbəb olub. Dəqiq məlumatı ekspert rəyindən sonra bilinəcək. Araşdırmalar davam etdirilir.