Bərdədə at əti satanlar ifşa ediliblər

Qəssaba hər at üçün 5 AZN zəhmət haqqı verilib. Milli.Az EL TV-yə istinadən xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları paytaxt bazarına yararsız at əti aparan şəxsləri saxlayıb. Polis əməkdaşları tərəfindən saxlanılan "Mersedes" markalı avtomobilin baqajından kəsilib torbalara yığılan 110 kq at əti aşkarlanıb.

Avtomobilin sürücüsü Adil Cəfərov bildirib ki, o, əti Bakı şəhəri Əhmədli qəsəbəsinə aparırmış. Lakin ətin at əti olmasından onun xəbəri olmayıb. Atları kəsən qəssab Coşqun Məmmədov isə bildirib ki, tanışı Ceyhun adlı şəxs tərəfindən çağırılıb və o, Ceyhunun göstərişi ilə üç at kəsib. Kəsdiyi hər ata görə ona 5 manat zəhmət haqqı verilib.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.Ətin sahiblərinin saxlanılması üçün müvafiq tədbirlər görülür.

Rayon Baytarlıq İdarəsinin müəxəssisləri ətə baxış keçirərək nümunələr götürüblər və onun istifadəyə tam yararsız olduğu müəyyənləşib. Yararsız ət yandırılaraq zərərsizləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31