Milli parkdakı yanğınla bağlı RƏSMİ MƏLUMAT
4 Avqust 2014 10:59 KriminalFövqəladə Hallar Nazirliyi Qəbələ və Oğuz rayonlarında baş verən yanğın hadisələri ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Qəbələ rayonu, Tikanlı kəndində (rayon mərkəzindən 8 km aralı) "Şahdağ" Milli Qoruğunun ərazisində 3 ha sahədə xəzəl, kol-kos və qurumuş ağaclar yanır. Yanğın texnikalarının həmin ərazilərə cəlb olunmasının qeyri mümkünlüyünü nəzərə alaraq, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsindən 1 ədəd helekopter, Dövlət Yanğından Mühafizə Xidmətinin 10 nəfər əməkdaşı, 10 nəfər milli qoruğun əməkdaşı və 8 nəfər kənd əhalisi iştirak edir. Qoruq ərazisində olan meşə zolağı yanğından mühafizə olunur. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.FHN-in yaydığı digər məlumatda isə qeyd olunur ki, Oğuz rayonu, Xaçmaz kəndində Oğuz Milli Parkının dağlıq ərazisində 1 ha sahədə qurumuş ağaclar və kol-kos yanır. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 15 nəfər əməkdaşı, 25 nəfər meşə təsərrüfatı işçiləri və 10 nəfər kənd əhalisi iştirak edir. Yanğın texnikasının həmin əraziyə cəlb olunması qeyri-mümkün olduğundan yanğın əl vasitəsi ilə söndürülür. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.Hər iki yanğın hadisəsi ilə bağlı əlavə məlumat veriləcək.