İran vətəndaşından qadağan edilmiş sulfat turşusu aşkar edilib
13 Avqust 2012 16:38 KriminalBiləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşı Jafarpour Bayramalının idarə etdiyi "Scania" markalı sərnişin avtobusunun yükləri "Heiman X-Ray" rentgen qurğusunda yoxlanılarkən sürücünün gömrük nəzarətinə təqdim etdiyi 2 ədəd karton qutudan hər birində 2,5 litr olmaqla, cəmi 7 ədəd - üzərində "Sulfuric Acid" sözləri və "H2SO4" kimyəvi formulu yazılmış plastik qablarda maye halında maddə aşkar edilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, J.Bayramalı bildirib ki, sözügedən kimyəvi maddəni ona İranın Təbriz şəhərində Mehzad adlı bir İran vətəndaşı verərək onu Bakıda Yelena adlı bir şəxsə çatdırmağı xahiş edib. Xatırladaq ki, "H2SO4" (sulfat turşusu) kimyəvi formullu maddə Azərbaycan Respublikasının ərazisində prekursor sayıldığı üçün onun idxalı, ixracı və tranzit nəql edilməsi Azərbaycan Respublikası Prezidentinin "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" 02.09.2002-ci il tarixli 782 saylı fərmanına uyğun olaraq həyata keçirilməlidir.