Şahin Sultanov həbsdə qaldı

Sabiq komandan barəsindəki həbs-qətimkan müddəti uzadılıb

Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb. Bu barədə onun vəkili Adəm Məmmədov  məlumat verib. Onun sözlərinə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Müslüm Əliyevin sədrliyilə keçirilən məhkəmədə Şahin Sultanovun barəsində seçilmiş həbs-qətimkan tədbiri oktyabr ayının 21-dək uzadılıb. "Bu addıma səbəb kimi cinayət işində müəyyən zəruri istintaq əməliyyatlarının aparılmasının vacibliyi göstərilir. Deyilənlərə görə, lazımı yoxlamalar aparılmalıdır. Bu səbəbdən də Şahin Sultanovun həbs müddəti uzadılıb".

Qeyd edək ki, Hərbi Dəniz Qüvvələrində aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkar edilib. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin qurumun sabiq komandanı Şahin Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Anspress

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31