Çay qutusundan qaçaqmal siqaret çıxdı
13 Avqust 2012 11:55 KriminalHava Nəqliyyatında Baş Gömrük İdarəsinə bir qrup şəxs tərəfindən qaçaqmalçılıq yolu ilə Birləşmiş Ərəb Əmirliklərindən Naxçıvan Muxtar Respublikasına, oradan isə satış məqsədilə Bakı şəhərinə tütün məmulatlarının gətirilməsi haqqında əməliyyat məlumatı daxil olmuş və buna əsasən J2 260 və J2 258 saylı Naxçıvan-Bakı aviareysləri idarənin əməkdaşları tərəfindən nəzarətə götürülüb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlimata görə, həmin aviareyslərlə gətirilən irihəcmli karton çay qutularını qəbul edən Azərbaycan vətəndaşı Əhməd İsmayılov onları özünün "QAZ-3302" markalı yük avtomobilinə yükləyib hava limanının ərazisini tərk etmək istəyərkən gömrük əməkdaşı tərəfindən saxlanıb. Həmin avtomobilə baxış zamanı avtomobildəki "çay" yükünün içərisindən 10 ədəd qara rəngli polietilenlə üzlənmiş irihəcmli qutular boşaldılıb. Qutularda isə malların aşkar edilməsini çətinləşdirmək məqsədilə qara rəngli polietilenlə üzlənmiş karton çay qutularına qablaşdırılmış və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan - 951 blok (9510 qutu) "Marlboro Gold Edge", 246 blok (2460 qutu) "Parlament Aqua Blue", 86 blok (860 qutu ) "Kent Nanotek Neo" və 16 blok (160 qutu ) "Kent Nanotek Infina" markalı, cəmi 1299 blok (12990 qutu) siqaret, həmçinin 83 ədəd preslənmiş boş siqaret qutusu aşkar edilərək, protokol əsasında götürülüb. Araşdırma zamanı Ə.İsmayılov bildirib ki, əvvəllər tanıdığı Qabil adlı şəxs onunla mobil telefonla əlaqə saxlamış və hava limanında J2 260 və J2 258 saylı Naxçıvan-Bakı aviareyslərilə Naxçıvan Muxtar Respublikasından göndərilən siqaret yükünü qarşılamağı və Bakı şəhərində ona təhvil verməyi tapşırıb. Ə.İsmayılovun sözlərinə görə, Qabil adlı şəxs siqaretləri Bakı şəhərinin Həsən Əliyev küçəsində yerləşən dükanında satış məqsədilə əldə edib.