Cəlilabadda cinayətkar qrup zərərsizləşdirili

Qrup üzvləri narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub, imkanlı şəxslərin övladlarını oğurlayaraq onların valideynlərindən külli miqdarda pul istəyiblər

Cəlilabad Rayon Polis Şöbəsinin və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin birgə keçirdiyi  əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən  cinayətkar qrup zərərsizləşdirilib. Cəlilabad rayon Polis Şöbəsindən  verilən məlumata görə, Cəlilabad rayon  sakinləri  Sübhan  Əliyusif oğlu İsayev, Bəhram Hüseynbala oğlu Kərimov, Şahin Səbirəli oğlu Mahmudov, Zamiq Mirixan oğlu Rzayev,  Cavid Cahangir oğlu Qurbanov və Xəqani  Mirnizam oğlu Əhmədov  əvvəlcədən əlbir olaraq qrup halında  rayon ərazisində  müxtəlif vaxtlarda   evlərə silahlı basqın  edərək vətəndaşlardan pul tələb edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub, eləcə də imkanlı şəxslərin övladlarını oğurlayaraq onların valideynlərindən bunun müqabilində külli miqdarda pul istəyiblər. Həyata keçirilən əməliyyat zamanı  dəstə üzvlərindən 5-i yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Qrupa rəhbərlik etmiş Xəqani Əhmədovun yaxalanması istiqamətində əməliyyat tədbirləri isə davam etdirilir. Əməliyyat zamanı  Cəlilabad RPŞ-nin əməliyyat işləri üzrə  rəis müavini Səfər Nuriyev müxtəlif bədən xəsarətləri alıb.

Qeyd edək ki, saxlanılanlardan Cavid Qurbanov əvvəllər Cəlilabad RPŞ-nin pasport qeydiyyatı şöbəsinin əməkdaşı olub. Apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31