Külli miqdarda narkotik vasitə aşkarlanıb
3 İyul 2014 16:33 KriminalHava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən narkotik qaşaqmalçılığı ilə məşğul olan şəxslər saxlanılıb. DGK mətbuat xidmətindən verilən məlumata görə, Naxçıvan-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Talıbov Şahin Məhəmmədəli oğlu Heydər Əliyev Beynəlxalq Hava Limanında gömrük əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılmış və onun üzərindən 160,490 qram narkotik vasitə-heroin aşkar edilib.İbtidai istintaqla müəyyən edilib ki, Talıbov Şahin Məhəmmədəli oğlu İran İslam Respublikasının Təbriz şəhərində istintaqla müəyyən edilməmiş mənbədən külli miqdarda, 160,490 qram heroin narkotik vasitəsini satış məqsədi ilə qanunsuz olaraq əldə edib , 86,200 qramlıq və 74,290 qramlıq 2 ədəd şəffaf sellofan kəsiyi bükümündə qablaşdırıb saxlayıb, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə ayaqlarına geyindiyi corabların içərisində, ayaqlarının altında yerləşdirərək Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib Naxçıvan-Bakı aviareysi ilə Bakı şəhərinə daşımış və Heydər Əliyev Beynəlxalq Hava Limanında gömrük əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılarkən qeyd edilən narkotik vasitəsi ondan aşkar edilərək götürülüb. Digər Azərbaycan Respublikası vətəndaşı Əliyev Camal Eldar oğlu SU 1855 saylı Bakı-Moskva aviareysi ilə getmək istəyərkən Heydər Əliyev Beynəlxalq Aeroportunda əl yükünü X-Ray rentgen aparatına qoyduğundan gömrük nəzarəti zamanı monitorda dərman preparatlarının təsvirləri görünüb. Bundan sonra müvafiq qanunvericiliyə uyğun olaraq C.E.Əliyevin əl yükünə gömrük baxışı və üzərində şəxsi yoxlama aparılıb, ona məxsus çantaya keçirilmiş gömrük baxışı zamanı, çantada olan 1 ədəd sellofan paketin içərisindən cəmi 12 konvalyutdan 60 ədəd üzərində "Methadone 5mg" sözləri yazılmış ampulalar aşkar olunub. Aşkar olunan preparatlar qablaşdıralaraq hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülüb. Hazırda hər iki cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.