Ağdaşda sərnişin avtobusu qəzaya uğradı, 16 nəfər xəsarət aldı
3 İyul 2014 13:25 KriminalAğdaşda sərnişin avtobusu qəzaya uğrayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağdaş rayonu, Yenicə kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus "Ford" markalı sərnişin mikroavtobusunun sahibi məlum olmayan "VAZ" markalı minik avtomobili ilə toqquşması nəticəsində yol qəza hadisəsi baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, mikroavtobusda olan 15 nəfər şəxsiyyətləri məlum olmayan sərnişinlər müxtəlif bədən xəsarətləri ilə Təcili Tibbi Yardım Xidməti tərəfindən Ucar və Ağdaş rayon Mərkəzi xəstəxanalarına aparılıb. Mikroavtobusda sıxılmış vəziyyətdə qalmış 1 sərnişin isə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alətlərdən istifadə olunmaqla mikroavtobusdan çıxarılaraq aidiyyətı üzrə təhvil verilib. Əməliyyat saat 03:28-də başa çatıb.