Valyuta qaçaqmalçılığının qarşısı alındı
30 İyun 2014 15:58 KriminalÖlkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini davam etdirir. Belə ki, bu günlərdə Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Rusiya Federasiyası istiqamətindən Azərbaycan Respublikasına Hüseynov Xəyyam Xanlar oğlu və İsmayılov Elçin İsgəndər oğlu tərəfindən "DaımlerChraysler" markalı , H 027589 dövlət nömrə nişanlı markalı yük nəqliyyat vasitəsi ilə müxtəlif yüklərin arasında Rusiya Federasiyasına məxsus aksiz markaları ilə markalanmış spirtli içkilərin gətirilməsi barədə məlumat daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Rusiya Federasiyasından Azərbaycana gələn "fəhlə geyimləri" və "fəhlə ayaqqabıları" yüklü "Daımler Chraysler" markalı , H 027589 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə "Samur" gömrük postunda baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl sürücülər, Azərbaycan Respublikası vətəndaşları Hüseynov Xəyyam Xanlar oğlu və İsmayılov Elçin İsgəndər oğlundan nəqliyyat vasitəsinin yük yerində hansı yüklərin olduğu soruşulduqda, onlar yük yerində fəhlə geyimləri və fəhlə ayaqqabıları yükünün olduğunu qeyd etmişlər. Bundan sonra qoşqunun yük yerinə baxış keçirilmiş, karton qutularda olan fəhlə geyimləri və fəhlə ayaqqabıları ilə əhatə olunmuş yüklərin arasından qara polietilen paketlərə bükülmüş bağlamalar aşkarlanmışdır. Həmin bağlamalar boşaldılaraq hal şahidlərinin iştirakı ilə açılmış, hər birinin içərisində 6 ədəd 0,7 litrlik olmaqla 96 karton qutuda, ümumi sayı 576 ədəd Rusiya Federasiyasına məxsus aksiz markası ilə markalanmış "Beluga Transatlantik Rasing" markalı araqlar aşkar edilmişdir. Xaçmaz Gömrük İdarəsinin əməkdaşları tərəfindən valyuta qaçaqmalçılığının da qarşısı alınmışdır. Belə ki, Rusiya Federasiyası istiqamətindən Azərbaycan Respublikasına "Samur" gömrük postunun piyada keçidi ilə keçməklə gələn Rusiya Federasiyası vətəndaşı Raqimov Zaur Şamsaddinoviç postun giriş qapısına yaxınlaşmiş və Azərbaycan istiqamətində giriş qapısında dayanan bir nəfərə əlində olan bağlamanı vermişdir . Sonra ondan bağlamanı qəbul edən şəxs saxlanılaraq postun gömrük zonasına dəvət edilmiş, Raqimov Zaur Şamsaddinoviçdən nə qəbul etdiyi barədə şifahi sorğu-sual olunmuşdur. Özünü Azərbaycan Respublikası vətəndaşı Güləhmədov Baləhməd Eldar oğlu kimi təqdim edən şəxs bildirmişdir ki, ona ötürülən bağlamada pul olmuşdur. Bundan sonra, Raqimov Zaur Şamsaddinoviçin gömrük nəzarətindən gizli yolla Güləhmədov Baləhməd Eldar oğluna ötürdüyü valyutalara hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və pulların 69 ədəd 500-lük avro, ümumi 34.500 avro olduğu müəyyən edilmişdir. Faktlarla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.