Gömrük orqanları tərəfindən qaçaqmalçılığın qarşısı alınıb

 Ölkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini davam etdirir. Belə ki, bu günlərdə Tovuz Gömrük İdarəsinin, "Sınıq Körpü" gömrük postuna daxil olan Türkiyə Respublikası vətəndaşı Utku Mutlu Mustafa oğlu idarə etdiyi "Mersedes Benz" markalı avtomobildə Qazaxıstan Respublikasına 14 700 kiloqram plastik boru yükü göndərilməsinə dair doğru olmayan məlumatları əks etdirən sənədləri gömrük orqanına təqdim etməklə nəqliyyat vasitəsindəki yükü plastik boru adı ilə tranzit xüsusi gömrük proseduranda rəsmiləşdirərək gömrük nəzarətindən keçirib. Lakin daxil olan əməliyyat məlumatına əsasən avtomobil nəzarətə götürülərək Bakı Baş Gömrük idarəsinin "İpək yolu" terminalına gətirilmiş və avtomobilə baxış keçirilən zaman yük yerində sənədlərdə göstərilmiş mallar əvəzinə külli miqdarda, cəmi 499 min 930 qutu "Kent nanotek infina" markalı siqaretlər, "LG" markalı 230 ədəd televizor və 55 ədəd paltaryuyan maşın aşkar edilərək götürülüb. Faktla bağlı DGK İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 206.3.2 maddəsi ilə cinayət işi başlanmış və Utku Mutlu Mustafa oğlu barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Həmçinin Gürcüstan Respublikası istiqamətindən Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postuna daxil olmuş digər Türkiyə Respublikası vətəndaşı Aydın Ömər Cəlal oğlunun idarə etdiyi "DAF" markalı yük avtomobilində Türkiyə Respublikasından ölkəmizdəki şirkətlərdən birinin adına göndərilən yükün içərisində sənədlərdə göstərilməmiş televizorlar olması barədə DGK Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə məlumat daxil olub. Daxil olmuş məlumata əsasən Baki Baş Gömrük İdarəsinin "İpək yolu" terminalında nəqliyyat vasitəsinə baxış keçirilmiş və avtomobildən yük müşayət sənədlərində göstərilməmiş külli miqdarda 749 ədəd müxtəlif ölçülü "Samsung" markalı LED televizorlar aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə Aydın Ömər Cəlal oğluna ittiham irəli sürülüb və o şübhəli şəxs qismində tutulub. "OLAYLAR"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31