Xörək qazanında telefon aşkar edildi

 Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir sıra maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Anar Rəhim oğlu Məmmədovun yanına qısamüddətli görüşə gəlmiş dostu Məhəmməd İsmayıl oğlu İsmayılovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı yeməklə dolu qazanın dibində xüsusi üsulla düzəldilmiş gizli saxlanc yerindən 2 ədəd "Nokia-1280" markalı, 1 ədəd "Nokia X6" markalı, 1 ədəd "TMT-T-M3" markalı, 1 ədəd "Nokia C2-01" markalı və 1 ədəd "Nokia-E6" markalı mobil telefon aparatları aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31