Xətai hərbi komssarının müavini 8 il 6 ay cəza aldı
8 Avqust 2012 14:18 KriminalBakı Hərbi Məhkəməsində korrupsiya və rüşvətxorluqda təqsirləndirilərək həbs edilən, Xətai rayon hərbi komissarının sabiq müavini Davud Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu barədə məlumatı "OLAYLAR"a məhkəmədən veriblər. Hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Davud Hüseynov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Respublika Hərbi Prokurorluğunun Bakının Xətai Rayon Hərbi Komissarlığında apardığı yoxlamalar zamanı komissarlıqda ciddi korrupsiya faktları aşkarlanıb. Aşkarlanmış korrupsiya faktları ilə bağlı artıq Xətai rayon hərbi komissarının müavini olmuş, bir neçə ay əvvəl təqaüdə göndərilən Davud Hüseynov saxlanılıb. Onun barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Davud Hüseynov Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma) və 341.1 (hakimiyyətdən sui-istifadə etmə) maddələri üzrə ittiham olunur.