7 aya itirdiyimiz hərbçilərin sayı 59 nəfərə çatdı
44 nəfər qeyri-döyüş itkisidir
8 Avqust 2012 12:17 Kriminal. "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi 2012-ci ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri barədə yeni məlumat yayıb. Bu barədə "OLAYLAR"a "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzindən məlumat verilib. Məlumata görə, adıçəkilən sektorda bu ilin 7 ayında itkilərin sayı 59 nəfər olub. Ötən müddətdə 59 nəfər yaralanıb və ya xəsarət alıb. Müvafiq dövrdə dünyalarını dəyişənlərin 12-i döyüş ( erməni gülləsi), 2-si mina, 1-i əməliyyat, 44-ü isə qeyri-döyüş itkiləridir: "6 nəfər bədbəxt hadisədən (dəm qazından boğulma, elektrik cərəyanı vurma, üzərinə beton düşmə, suda boğulma, yıxılma), 6 nəfər avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 5 nəfər ehtiyatsızlıqdan, 8 nəfər qeyri-nizamnamə hərəkətlərindən, 7 nəfər xəstəlikdən dünyasını dəyişib. 11 nəfər intihar edib (güllələnmə). Dünyasını dəyişənlərin 53-ü Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 1-i Daxili Qoşunların, 1-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularıdır". Mərkəzdən bildiriblər ki, yaralıların və xəsarət alan 59 nəfərin isə 12-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 11-i erməni gülləsindən, 6 nəfər mina partlayışından, 1-i xəstəlikdən, 6-ı bətbəxt hadisədən (donvurma, qonşusunun bıçaq yarası, üzərinə beton düşmə), 3-ü əməliyyat tədbirlərindən, 20-si isə avtoqəza nəticəsində xəsarət alıblar. 54 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu (o cümlədən 2 nəfər Ali Hərbi Məktəbin kursantı), 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçusu, 1 nəfərsə FHN Akademiyasının müdavimidir.