Lənkəranda daha bir əsgərimiz səhlənkarlıqdan öldü

Müdafiə Nazirliyi isə faktı gizlətməyə çalışır

Azərbaycan Ordusunun daha bir əsgəri bədbəxt hadisənin qurbanı olub. "OLAYLAR"ın məlumatına görə, hadisə avqustun 1-də Müdafiə Nazirliyinin Lənkəranda yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri,19 yaşlı Kamal Sahib oğlu Alıyev yeməkxananın damından yıxılaraq ağır xəsarət alıb. Əsgər hospitala yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Kamal Alıyev avqustun 3-də dünyasını dəyişib.Müdafiə Nazirliyinin mətbuat xidməti məsələ ilə bağlı "OLAYLAR"a açıqlama verməyib. Nazirliyin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev hadisəni nə təkzib, nə də təsdiq etməyib. Lakin sonradan Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib. Teymur Abdullayev isə məlumatın "OLAYLAR"a kim tərəfindən verildiyini soruşmaqla kifayətləndi və "sonra danışarıq" deməklə telefonu qapatdı. 
Qeyd edək ki, Kamal Alıyev Tovuz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31