Kürdəmirin bələdiyyə sədri həbs edildi

Baş Prokurorluq Azərbaycanda yeni korrupsiya fakti ilə bağlı məlumat yayıb.Bu barədə "OLAYLAR"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Məlumatda  bildirilir ki, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyanın, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması istiqamətində prokurorluq orqanları tərəfindən ardıcıl və sistemli tədbirlər davam etdirilir. Kürdəmir rayonunun keçmiş Məhərrəmli bələdiyyəsinin sədrinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi faktları üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanaraq istintaq aparılıb. Müəyyən edilib ki, bələdiyyənin sədri Xanəkbər Rüstəmov 2007-2009-cu illərdə bələdiyyələr tərəfindən torpaq sahələrinin vətəndaşlara satılması və icarəyə verilməsinin qanunla qadağan olunmasına baxmayaraq bələdiyyənin iclas protokollarının, iclas protokollarından çıxarışların və iclaslarda qəbul olunmuş qərarların məzmununa yalan məlumatlar daxil edərək müvafiq sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinə təqdim etməklə ümumilikdə 47,21 hektar torpaq sahəsinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə icarəyə verilməsinə və satılmasına nail olmaqla bələdiyyəyə mühüm zərər vurub.

X. Rüstəmov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Kürdəmir rayon məhkəməsinə göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31