Bakıda nazir müavini və arvadı dəhşətli qəzada yaralanıb

Mayın 10-na keçən gecə Bakı şəhərinin Nizami rayonu ərazisində baş vermiş dəhşətli qəzada yaralanan şəxslər nazir müavini və onun həyat yoldaşı imiş

Mayın 10-na keçən gecə Heydər Əliyev prospektində iki nəfərin ölümü ilə nəticələnmiş ağır qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, "VAZ 2107"-nin yolun əks hərəkət zolağına çıxması və yüksək sürətlə hərəkət edərək "Lexus"a çırpılması nəticəsində "Lexus"un sürücüsü, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Firdovsi Əliyev ağır xəsarət alıb. 53 yaşlı F.Əliyevlə yanaşı, onun həyat yoldaşı Arifə Əliyeva da müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ilə bağlı başlanmış cinayət işinin istintaqını aparan Nizami rayon Polis İdarəsinin müstəntiqi Nicat Naibov Lent.az-a bildirdi ki, qəzadan sonra nazir müavini və həyat yoldaşı Bakıdakı özəl klinikalardan birinə yerləşdiriliblər. Hadisəni törədən "VAZ 2107"nin sürücüsü Tural Rəhimov isə 3 saylı şəhər xəstəxanasında müalicə olunur.

Qəzada yaralanmış nazir müavini Firdovsi Əliyev həm də Milli Məclisin keçmiş deputatıdır.


Qeyd edək ki, T.Rəhimovun sərnişini olan iki gənc oğlan isə hadisə yerindəcə keçinib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31