Dəhşətli kadrların səbəbkarları tapıldı

Namus ləkəsinin vəhşi yuyulması videoçarxının harada və kimlər tərəfindən çəkildiyi üzə çıxdı

 Dünən Azərbaycanda namus ləkəsinin vəhşi "yuyulması" ilə bağlı yayılan videokadrlardakı hadisə ilə bağlı təfərrüatları aydınlaşdı. Dəhşətli kadrların çəkildiyi hadisə Tərtər rayonunda ötən ilin iyul ayında törədilib. Döyülən Eldar adlı şəxs dostunun arvadı ilə mobil telefon vasitəsilə yazışıb. Bunu bilən gəlinin qaynı Zaur və qardaşı Ruslan Eldarı meşəyə aparıblar. Orada döyərək videoya çəkiblər. 

Tərtər Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Elvin Kərimov bildirdi ki, həmin işlə bağlı iki nəfər tutulub və hazırda onların işi məhkəmə baxışındadır. Bölmə rəisi əlavə etdi ki, tərəflər arasında ilk olaraq barışıq olmuşdu. Lakin sonradan videonun yayılması zərərçəkmiş tərəfin qəzəbinə səbəb oldu və cinayət işi başlandı. 

Azərbaycanda baş vermiş bu hadisə ləkələnmiş namusun təmizlənməsi yox, vəhşilikdir. Vəhşilik isə itə və ya hər hansı çöl heyvanına deyil, insana qarşı edilib. Tərtərdə lentə alınmış videosuna sona kimi baxmaq çətindir. Görüntülərdə bir kişini bir neçə nəfər lüt soyunduraraq döyür və onun etdiyi namussuzluğa görə əzab verir. Videoda danışıqlardan hiss olunur ki, döyülən kişi öz dostunun arvadı ilə intim münasibət qurub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31