Şəmkirdə əhali arasında təşviş yaratmaqda şübhəli bilinən şəxslər sərbəst buraxılıb

Arzu Rzayev və Samir Mürşüdov valideynlərinə təhvil verilib

Şəmkir rayonunda əhali arasında təşviş və çaşqınlıq yaratmaqda şübhəli bilinən şəxslər sərbəst buraxılıb. Polis tərəfindən saxlanıldığı bildirilən Təzəkənd kənd sakini 17 yaşlı Arzu Rzayev və 16 yaşlı Dəllər Cəyir kənd sakini Samir Mürşüdovun yetkinlik yaşına çatmadıqları nəzərə alınaraq, valideynlərinə təhvil verilib.Şəmkir rayon Polis Şöbəsinin rəis müavini İmaməddin Namazov Lent.az-a bildirib ki, son bir ayda rayon ərazisində baş vermiş silsilə xarakterli şikayət ərizələri əsasında 5 cinayət işi başlanılıb: "Son hadisələrlə bağlı biz 5 cinayət işi başlamışıq. Cinayət Məcəlləsinin həm 157-ci, (yəni mənzil toxunulmazlığını pozma, ev sahibinin icazəsi olmadan evə soxulma), 221-ci (xuliqanlıq) maddələri ilə işlər başlanılıb və araşdırma aparılır. Hazırda Samir Mürşüdov və Arzu Rzayevin də həmin hadisələrə nə dərəcədə aidiyyatının olub-olmaması araşdırılır". İ.Namazov həmçinin bildirib ki, yeniyetmələr izahatları alındıqdan sonra buraxılıb.Şəmkir rayonunun hüquq-mühafizə orqanlarından Lent.az-a verilən digər məlumatda bildirilir ki, avqustun 2-də polis şöbəsinə gətirilmiş A.Rzayev və S.Mürşüdovun son bir ayda əhalini təşvişə salan olaylarla birbaşa əlaqəsi yoxdur. Yeniyetmələr, sadəcə, əhali arasında gəzən söz-söhbətlər, vahimə ab-havasının təsiri altında Sabirkənd kəndində bir neçə evə daş atıb. Kənd sakinləri də polisə məlumat verib. Yeniyetmələrin tutulmasında sakinlər də iştirak edib.Şəmir RPŞ-nin rəis müavini İ.Namazov isə ümumiyyətlə son bir ayda gəzən söz-söhbətlərin reallığa əsaslanmadığını deyib: "Bəziləri nə gəldi danışır, görünür, insanların rahat yaşamasını istəmirlər".Qeyd edək ki, bu gün Daxili İşlər Nazirliyi iyun ayının 28-dən avqust ayının 1-dək olan müddət ərzində Şəmkir rayonunda müxtəlif vaxtlarda rayon ərazisində ayrı-ayrı şəxslərə məxsus evlərə daş ataraq sakinlər arasında müxtəlif şayiələrin yaranmasına səbəb olmuş şəxslərin saxlanılması barədə məlumat yayıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31