Gülər Əhmədovanın azadlıqda ilk VIDEO
Evdə ən çox sevinən onun 9 yaşlı oğlu Tamerlan oldu
6 May 2014 10:39 KriminalHəbsdə olan sabiq millət vəkili Gülər Əhmədova dünən elə məhkəmə zalından azadlığa buraxılıb.
ANS TV-nin məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində son söz deyərkən Gülər Əhmədova özünü təqsirsiz bilərək bu sözləri işlətmişdi: "Elşad Abdullayev Azərbaycan dövlətinin düşmənidir. Elşad Abdullayev də, Gülər Əhmədova da bu dövlətə qurban olsunlar. Əgər bu dövlətin marağına görə həbsdə qalmalıyamsa, mənə 30 il, hətta güllələnmə cəzası da verə bilərsiz".
Hakimlərin müşavirəsindən sonrakı qərarı isə belə olub. Gülər Əhmədova cəzasının qalan hissəsini evdə çəkəcək. Gülər Əhmədova prosesdən sonra yalnız ANS-ə açıqlama verib.
Gülər Əhmədova fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra deputat mandatından imtina etmişdi.
Məhkəmə zalından birbaşa evə buraxılan Gülər Əhmədova ilə görüşməyə gələnlər çox idi. 1 il 3 ay məhkumluq həyatı yaşayan sabiq millət vəkili özünün günahsız olduğunu bəyan edir.
Sabiq millət vəkili Gülər Əhmədovanın sözlərinə görə, mənimlə maraqlananlar, mənim məhkəmə proseslərini izləyənlər çox sağ olsunlar. Hamı bilir ki, mən həmişə Azərbaycan dövlətçiliyinin tərəfində olmuşam, bundan sonra da olacam.
Gülər Əhmədovanın evə qayıtması əsl ailə bayramı idi. Ən çox sevinən isə bir ildən çox anasını görməyən 9 yaşlı oğu Tamerlan idi. Uşaq evdə də anasından ayrı düşməməyə çalışırdı.
Bakı Apellyasiya Məhkəməsinin hökmü ilə Gülər Əhmədova 3 il müddətinə şərti azadlığa buraxılsa da, onun vəkilləri sabiq millət vəkilinin bəraət alması üçün məhkəyə müraciət etmək fikrindədirlər.