9 nəfər prokurorluq orqanlarından xaric edilib
Korrupsioner məmurlarla bağlı 20 cinayət işi başlanıb
3 Avqust 2012 19:29 KriminalBaş Prokurorluq avqustun 3-də qurumda 2012-ci ilin birinci yarımili ilə bağlı keçirilən əməliyyat müşavirəsilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən "OLAYLAR"a verilən məlumatda bildirilir ki, Baş prokuror Zakir Qaralovun rəhbərliyi ilə keçirilən müşavirədə müsbət hal kimi qeyd olunub ki, prokurorluğun digər hüquq mühafizə, ilk növbədə isə Daxili İşlər və Milli Təhlükəsizlik orqanları ilə əlaqəli birgə fəaliyyətinin nəticəsi olaraq, 2012-ci ilin birinci yarısında kriminogen stabilliyə nail olunmuş və cinayətkarlığın dinamikasında mənfi təzahürlərin qarşısı alınıb. Əvvəlki hesabat dövrü ilə müqayisədə respublika üzrə qeydə alınmış ümumi və az ağır, o cümlədən qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd və zorlama, quldurluq, soyğunçuluq və oğurluq, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb, banditizm və cinayətkar birlik yaratma, adamları girov götürmə kimi cinayətlər ümumiyyətlə qeydə alınmayıb. Törədilən 11953 cinayətin 87,0 faizinin açılması təmin edilib. Məqsədyönlü istintaq-əməliyyat tədbirlərinin nəticəsi olaraq, əvvəlki illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan bir çox ağır və xüsusilə ağır cinayətlərin açılması, çoxsaylı cinayətkar dəstələrin zərərsizləşdirilməsi təmin olunub. Tədbirdə qəsdən adam öldürmə hadisələri ilə əlaqədar Sumqayıt şəhəri üzrə 2, Mingəçevir şəhəri, Balakən, Xızı, Bakı şəhərinin Suraxanı və Xətai rayonlarının hər birində 1 belə bağlı cinayətin açılması üçün bütün imkanlardan istifadə olunması barədə tapşırıqlar verilib. Zakir Qaralov bildirib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən 2012-ci ilin birinci yarımilində rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli digər faktlar üzrə 160 şəxs barəsində 82 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəmələrə göndərilib, hazırda idarənin icraatında 102 cinayət işi üzrə ibtidai araşdırmalar davam etdirilir. "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olan vətəndaş müraciətləri üzrə operativ tədbirlər görülməklə vəzifəli şəxslərin korrupsioner fəaliyyətləri ilə bağlı 20 cinayət işi başlanıb. Əməliyyat müşavirəsində qeyd edilib ki, 2012-ci ilin birinci yarımilində müxtəlif xətalar törətdiklərinə görə 45 prokurorluq əməkdaşı cəzalandırılmaqla, onlardan 9 nəfəri prokuror və müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik davranış Kodeksi"nin tələblərini kobud şəkildə pozduqlarına görə prokurorluq orqanlarından xaric edilmiş, 3 nəfəri tutduğu vəzifədən azad olunub, 37 əməkdaş şiddətli töhmət, töhmət və irad növündə intizam məsuliyyətinə cəlb edilib. Eyni zamanda, tabeçilikdə olan əməkdaşlara münasibətdə tələbkarlıqları zəruri səviyyədə olmayan, fəaliyyətlərində cəza tətbiqi üçün əsas olan qanunsuzluqlara yol verən 20 rayon prokuroru intizam məsuliyyətinə cəlb edilib.