Azərbaycana 10 kiloqram həşiş qətranı keçirən narkomafiya ifşa olundu
2 May 2014 17:18 KriminalDövlət Gömrük Komitəsinin əməkdaşları sərhəddən Azərbaycana narkotika keçirməyə cəhd edən dəstəni yaxalayıb. Bu barədə "OLAYLAR"a komitənin mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, narkotik vasitələrin gömrük nəzarətindən kənar yolla Azərbaycanın gömrük sərhədindən keçirilərək ölkəyə gətirilməsi və realizə ediləcəyi barədə daxil olmuş məlumata əsasən Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı-Astara magistral yolunun Lənkəran şəhərinə giriş qapısının yaxınlığındakı "Samovarın Yanı" adlanan ərazidə Lənkəran rayonu Göyşaban kənd sakini İbayev Məhərrəm Satulla oğlunun həmkəndlisi Rəhmanov Şöhrət Bəfa oğlu ilə birlikdə gətirdiyi kisədən 9 kiloqram 800 qram narkotik vasitə olan həşiş qətranı aşkar edilərək götürülüb. Həmin fakt üzrə Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb. Lənkəran rayonu Göyşaban kənd sakini İbayev Məhərrəm Satulla oğlu şübhəli şəxs qismində tutulub və ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilərək barəsində Yasamal rayon məhkəməsinin qərarı ilə 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayətin digər iştirakçılarının müəyyən edilməsi məqsədilə zəruri istintaq hərəkətləri davam etdirilir.