Şirvanda piyadanı öldürüb qaçan sürücü ələ keçdi
16 Aprel 2014 17:25 KriminalŞirvan şəhərinin hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü müəyyən edilərək məsuliyyətə cəlb olunub. "OLAYLAR"ın məlumatına görə, 2014-cü il aprelin 15-də saat 22:10 radələrində Şirvan şəhərində 1993-cü il təvəllüdlü Mustafayev Təbriz İlham oğlunun yol hərəkəti qaydalarını pozaraq idarə etdiyi "VAZ 21060" markalı avtomobillə yolu keçən piyada - 1978-ci il təvəllüdlü Səfərov İmaməddin Gülyar oğlunu vuraraq hadisə yerindən qaçması və sonuncunun hadisə yerində ölməsi faktına görə Şirvan şəhər Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcələsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.